“Ölkəmizin sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrində çalışan işçilərə onların fəaliyyətlərinə dəyər verilərək mənəvi dəstək vermək üçün dövlətimiz peşə bayramlarını təsis edib. Peşə bayramlarında ənənəvi olaraq bayram keçirən sahənin işçiləri Ümumi Liderimiz Heydər əliyevin abidəsini ziyarət edərək kollektivlərində geniş şəkildə qeyd edirlər.
Belə bir gün işçilərə sanki yenidən bayram əhval ruhiyyəsini yaşadır. Bu, həm də onlara sahib olduqları peşələrinə daha həvəslə yanaşmasına şərait və stimul yaradır”- bu fikirləri Belediyye.infoya “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin “Bələdiyyə qulluqçularının peşə bayramı” ilə əlaqədar ictimailəşdirdiyi məsələyə münasibət bildirərkən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov açıqlayıb.
Onun sözlərinə görə, bələdiyyə qulluqçuları da cəmiyyətdə mövqeyi möhkəmlənməkdə olan bələdiyyə sisteminin təmsilçiləridir və “Bələdiyyə qulluqçularının peşə bayramı gününün” təsis olunması yaxşı olardı. Bu, bələdiyyələrin tanınmasında və bələdiyyə quluqçularına fəaliyyətinə bir mənəvi stimul olardı.
Bununla yanaşı qeyd etmək istəyirəm ki, “Bələdiyyə qulluqçularının peşə bayramı” təsis olunarsa bələdiyyə qulluqçuları işə daha məsuliyyətlə yanaşmalı və cəmiyyətdə bələdiyyələrin nüfuzunu artırmaq üçün çox işləməlidirlər.
Belediyye.info